DÜNYA
ABŞ Çinin 200 milyard dollarlıq məhsullarına yeni rüsumlar tətbiq edəcək
Bakı, 18 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp sentyabrın 24-dən Çindən idxal olunan 200 milyard dollarlıq məhsullara 10 faizlik yeni rüsumlar tətbiq edəcək. O, həmçinin Çinin cavab tədbirləri görəcəyi təqdirdə rüsumları daha da artıracağını bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bununla yanaşı, Ağ evin press-relizində tariflərin ilin sonuna qədər 10 faiz səviyyəsində qalacağı, yanvarın 1-dən isə 25 faizə qədər artırılacağı deyilir.
Donald Trampın sözlərinə görə, ABŞ Çini öz cığal ticarət praktikasından tez bir zamanda əl çəkməyə çağırıb.
ABŞ prezidenti dəfələrlə bildirmişdi ki, Çinlə ticarətdə defisit onu qane etmir. İyunun 15-də isə Donald Tramp Çinin Amerikaya məxsus intellektual mülkiyyəti və texnologiyaları oğurladığı və Pekinin ədalətsiz ticarət praktikası yeritdiyi üçün bu ölkədən idxal olunacaq məhsullara 25 faiz rüsum tətbiq edəcəyi ilə hədələmişdi.