SİYASƏT
ABŞ-da Azərbaycan və türk icma təşkilatları arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur
Hyuston, 5 avqust (AZƏRTAC). Bodrumda “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda işə başlayan forum ərəfəsində avqustun 4-də ABŞ-ın Texas ştatının Hyuston şəhərində Azərbaycan və türk icma təşkilatları arasında mövcud əməkdaşlığın dərinləşdirilməsinə həsr olunmuş tədbir keçirilmişdir.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN), Azərbaycan-Amerika Mədəniyyət Alyansının, Amerikalıların və Avrasiyalıların Turquoise Şurasının birgə təşkil etdikləri tədbirdə Birləşmiş Ştatlarda fəaliyyət göstərən Azərbaycan və türk icmaları arasında məlumat mübadiləsi və əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) ABŞ üzrə xüsusi müxbiri Şəfəq Mehrəliyeva bildirmişdir ki, son illər Birləşmiş Ştatlarda iki qardaş ölkənin diaspor təşkilatları arasında əməkdaşlıq inkişaf etdirilsə də, icmalar arasında məlumat boşluğuna yol verməmək üçün yeni kommunikasiya yolları araşdırılmalı, informasiya mübadiləsi gücləndirilməlidir. Son illər ABŞ-dakı Azərbaycan diasporu müvəffəqiyyətlə səfərbər olunaraq türk və digər türkdilli diaspor təşkilatları ilə birgə tərəfdaşlıq əsasında Birləşmiş Ştatların ictimai-siyasi mühitinin icmalara verdiyi imkanlardan istifadə edərək ölkənin xarici siyasətinin formalaşması prosesində əsas səsə çevrilməyə çalışır. ABŞ Azərbaycanlıları Şəbəkəsi, ABŞ Türkdilli Şəbəkəsi kimi təşkilatların Azərbaycan mənşəli iyirmi mindən çox amerikalı seçicini birləşdirməsi onu göstərir ki, icmamızın potensialı böyükdür və düzgün kommunikasiya üslubları türkdilli icmanı daha da səfərbər edə və nüfuzlu qüvvəyə çevirə bilər.
AZƏRTAC-ın əməkdaşı xatırlatmışdır ki, bu il icma təşkilatlarımızın fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinə üç milyon manat vəsaitin ayrılması dövlətimizin başçısının diasporumuzun inkişafına göstərdiyi diqqət və qayğının mühüm göstəricisidir. Bildirilmişdir ki, 2001-ci ildən bəri uğurla keçirilən Dünya azərbaycanlılarının üç konqresi ABŞ da daxil olmaqla bütün dünyada yaşayan həmyerlilərimizi daha da yaxınlaşdırmış, icma təşkilatları arasında əlaqələndirmə və əməkdaşlıq səylərini gücləndirmişdir.
Ş.Mehrəliyeva Amerikadakı Azərbaycan və türk icma təşkilatlarını internet və sosial şəbəkələrin geniş imkanlarından istifadə edərək qarşılıqlı əlaqələri dərinləşdirməyə, qardaş ölkələrimizin milli maraqları üçün vacib olan məsələləri mütəmadi izləməyə çağırmışdır.
Tədbirin sonunda iftar süfrəsi açılmışdır.