DÜNYA
ABŞ-da canlı ilbizdən qidalanan biokimyəvi yanacaq elementi yaradılmışdır
Bakı, 21 aprel (AZƏRTAC). ABŞ alimlərinin yaratdıqları biokimyəvi yanacaq elementinin qida mənbəyi bir neçə ay ərzində canlı ilbiz olmuşdur. Yevgeni Katsın başçılıq etdiyi layihənin müəllifləri Amerika Kimya Cəmiyyətinə bu barədə məlumat verərək demişlər ki, buna bənzər “mikrogeneratorlardan” gələcəkdə “casus kameralarının, gizli dinləmə mikrofonlarının və digər elektronikanın” daşıyıcıları qismində istifadə oluna bilər.
Mütəxəssislər nanoborucuqlardan hazırlanmış elektrodları ilbizin qabığında açdıqları iki kiçik deşikdən keçirib molyuskaya bərkitmişlər. Elektrodların ucları orqanizmdə müxtəlif kimyəvi reaksiyaları sürətləndirən fermentlərlə örtülmüşdür. Bir qütbdə qlükozadan elektronlar çəkilmiş, digərində isə su molekulları əmələ gəlmişdir.
Elektrik cərəyanı bu reaksiyalar hesabına saxlanmışdır, lakin ilbizin özünə ziyan dəyməmişdir. “Elektrik ilbiz” bir neçə ay ərzində təbii mühitdə yaşamışdır.