SİYASƏT
ABŞ-da təhsil alan azərbaycanlı gənclər ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayırlar
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də ABŞ-ın ölkəmizdəki səfirliyi, Təhsil Nazirliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi və Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının (İREX) birgə təşkilatçılığı ilə “Azərbaycan təhsilində gələcək inkişaf” mövzusunda təhsil forumu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Mərkəzi Bankın, universitetlərin, məktəblərin və özəl təhsil ocaqlarının nümayəndələri iştirak etmişlər.
Təhsil nazirinin müavini Qulu Novruzov və digər çıxış edənlər ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin yaranması, fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, ABŞ-da təhsil alan azərbaycanlı gənclər ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayırlar.
Tədbirdə, həmçinin Azərbaycan ilə ABŞ arasında münasibətlərin daha da genişləndirilməsinin vacibliyi və təhsil mübadilə proqramlarının əhəmiyyəti vurğulanmışdır.