DÜNYA
ABŞ-da vaxtsız ölümlərin 20 faizi alkoqoldan sui-istifadə nəticəsində baş verir
Bakı, 3 noyabr, AZƏRTAC
ABŞ-da 20-49 yaş arasında hər beş nəfərdən biri alkoqollu içkilərdən sui-istifadə nəticəsində həyatını itirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Hill” qəzeti ABŞ-ın xəstəliklərə nəzarət və onların qarşısının alınması üzrə federal mərkəzlərinin alimləri tərəfindən aparılan və “JAMA Network Open” jurnalında dərc olunan tədqiqata istinadla məlumat yayıb.
Tədqiqat nəticəsində məlum olub ki, 20-49 yaşarası amerikalılar arasında ölüm hallarının 20,3 faizi spirtli içkilərin həddən artıq qəbulu nəticəsində baş verir, 20-64 yaş qrupunda isə bu göstərici 12,9 faiz təşkil edir. Mütəxəssislər 2015-2019-cu illərdə ölkə və ştatlar üzrə qeydə alınan ölüm halları haqda məlumatları və spirtli içkilərin istehlakı ilə əlaqədar ölüm faktlarını tədqiq edərək bu nəticəyə gəliblər. Alkoqollu içkilərin qəbulu ilə bağlı ən yüksək ölüm göstəricisi (bütün ölümlərin təxminən 21,7 faizi) ölkənin cənub-qərbində yerləşən Nyu-Meksiko ştatında qeydə alınıb.
Qeyd edək ki, 2020-ci ildən başlayaraq Birləşmiş Ştatlarda alkoqollu içkilərin istehlakında nəzərəçarpacaq artım müşahidə olunur. Mütəxəssislər bunu COVID-19 pandemiyası ilə izah edirlər.