DÜNYA
ABŞ-dakı neft-qaz quyularının sayı azalıb
Bakı, 30 dekabr, AZƏRTAC
ABŞ-dakı aktiv neft-qaz quyularının sayı azalıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı dəyişməyərək 747 ədəd olub. Beləliklə də, ölkədəki aktiv neft quyularının sayı son 2 həftədir ki dəyişməz qalır. Bu ilin sonuna ABŞ-da neft quyularının sayı 2016-cı illə müqayisədə 42 faiz artıb.
Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı isə 2 ədəd azalaraq 182 ədəd olub. Bu da o deməkdir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 2 ədəd azalaraq ümumilikdə 929 ədəd təşkil edib.
Hesabat dövründə ABŞ-da aktiv neft-qaz quyularının sayı ötən ilə nisbətən 271 ədəd artıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma - 316-ya geriləmişdi.