DÜNYA
ABŞ ərazisində dünyada ilk “5G” şəbəkəsi istifadəyə verilib
Bakı, 25 fevral, AZƏRTAC
ABŞ ərazisində “5G” rabitə standartı üçün dünyada ilk kommersiya şəbəkəsi istifadəyə verilib. Müvafiq texnologiya infrastrukturu “Verizon Communications” operatoru tərəfindən yaradılıb.
"5G şəbəkələri artıq adi reallıqdır. Başqa operatorlar “5G” rabitə standartına keçid haqqında düşünərkən biz ABŞ-ın 11 şəhərində yeni nəsil rabitə şəbəkəsini işə salmışıq", - deyə “Verizon Communications” korporasiyasının nümayəndələri bildiriblər.
AZƏRTAC “planet-today.ru” saytına istinadən xəbər verir ki, “Verizon” şirkətindən verilən məlumata görə, ABŞ-da “5G” şəbəkəsi test rejimində işləyir. Yəni, yüksəksürətli məlumatların ötürülməsi zamanı qeyri-sabitlik müşahidə oluna bilər. Bununla belə “5G” şəbəkəsinin işi hər ötən gün daha da sabitləşir.
“5G” kommersiya şəbəkəsi məlumatları saniyədə 10 giqabit sürətlə ötürməyə imkan verir.
Mütəxəssislər əmindirlər ki, “5G” interneti ən yeni texnologiyaların inkişafına güclü təkan verəcək.