DÜNYA
ABŞ: “Florens” qasırğası qurbanlarının sayı 5 nəfərə çatıb
Bakı, 15 sentyabr, AZƏRTAC
ABŞ-ın şərq sahillərində tüğyan edən “Florens” qasırğası azı 5 nəfərin həyatına son qoyub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, həlak olanların hamısı Şimali Karolina sakinləridir. Hakimiyyət orqanları ölənlərin sayının artacağını istisna etmir.
Təbii fəlakətin zərbəsindən sonra ABŞ-ın şərq sahillərində yerləşən şəhərlərdə 930 min ev və müəssisə elektriksiz qalıb. Qasırğa nəticəsində ağaclar aşıb, yollar dağılıb, digər infrastruktur obyektləri zərər çəkib.
Şimali Karolina ştatının Nyu-Bern şəhəri sahillərində dalğaların hündürlüyü 10 metrə çatır. Burada küçələr və evlər su altında qalıb. Şəhəri tərk edə bilməyən insanlar təxliyə olunur.
“Florens” qasırğasının yaxın 24-36 saat ərzində də ciddi təhlükə daşıyacağı bildirilir. Təbii fəlakətin təsirinə məruz qalan ərazilərdə güclü külək, leysan yağışları və daşqınlar gözlənilir.