SİYASƏT
ABŞ-IN “COUNTERPART İNTERNATİONAL” HUMANİTAR ŞİRKƏTİ AZƏRBAYCANDA NÖVBƏTİ LAYİHƏNİ HƏYATA KEÇİRMİŞDİR
Bakı, 1 sentyabr (AZƏRTAC). Sentyabrın 1-də ABŞ-ın “Counterpart İnternational” İcma Humanitar Yardım Proqramı Bakının Nizami rayonunda yerləşən kar uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində həyata keçirdiyi layihəni təqdim etmişdir.
Layihəyə əsasən, məktəbin sanitar qovşağı və su xətti yenidən qurulmuşdur.
ABŞ Dövlət Departamenti Avrasiya Fondunun humanitar layihələr üzrə direktoru Cerald Oberndorfer dövlət departamentinin Azərbaycanda 1992-ci ildən müxtəlif layihələr həyata keçirdiyini söyləmişdir. “Counterpart İnternational” şirkəti isə 1997-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Bu müddətdə Azərbaycana 65 milyon dollar məbləğində yardım göstərilmişdir. Buraya tibbi avadanlıq, dərman preparatları, təmir-bərpa işləri və digər layihələr daxildir.
Gələn il daha 6 layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teri Devidson demişdir ki, bu layihə uşaqların sağlam böyüməsi, habelə onların sanitariya və gigiyena şəraitinin yaxışılaşdırılması baxımından əhəmiyyət daşıyır.
“Counterpart İnternational” İcma və Humanitar Yardım Proqramının MDB ölkələri üzrə regional direktoru Sergey Xomçenko isə proqramın son illərdə Azəbaycanın 52 rayonunu əhatə etdiyini xatırlatmışdır. O, təşkilatın səmərəli fəaliyyət göstərməsi üçün Azərbaycan hökuməti tərəfindən hər cür şəraitin yaradıldığını demişdir.
Cerald Oberndorferə üzərində Heydər Əliyevin portretinin həkk olunduğu xalça hədiyyə edilmişdir.
Qonalqar məktəbin otaqları, infrastrukturu ilə yaxından tanış olmuşlar.
Qeyd edək ki, 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində vanna otağı tamamilə yenidən qurulmuş, kanalizasiya və su sistemi dəyişdirilmiş, suqızdırıcı quraşdırılmışdır.
######