SİYASƏT
ABŞ-ın “Diplomatik əlaqələr” jurnalında Azərbaycanın bu ölkədəki səfirinin müsahibəsi dərc olunmuşdur
Vaşinqton, 13 yanvar (AZƏRTAC). ABŞ-ın nüfuzlu “Diplomatik əlaqələr” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun müsahibəsi dərc edilmişdir.
AZƏRTAC xəbər verir ki, E. Süleymanov ölkəmizin ABŞ-dakı diplomatik missiyasının fəaliyyəti, bu ölkədə, xüsusilə də Kaliforniya, Nyu-York, İllinoys, Vaşinqton və Texas ştatlarında Azərbaycan icmasının üzvlərinin sayının artması haqqında məlumat vermişdir. Bu yaxınlarda Hyustonda “Azərbaycan evi”nin açıldığını xatırladan səfir ABŞ Azərbaycanlılar Şəbəkəsi, Azərbaycan-Amerika Şurası, Amerika Azərbaycan Cəmiyyəti kimi iri diaspor təşkilatlarının fəal rolunu vurğulamışdır.
E.Süleymanov Azərbaycan praqmatizminin xüsusiyyətlərini qeyd edərək bildirmişdir ki, iqtisadi istiqamətin seçimi Azərbaycan dövlətçiliyinin maraqlarına əsaslanır. Azərbaycan özünə tərəfdaş seçərkən maraqların qarşılıqlı olması mövqeyindən çıxış edir.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarının mahiyyəti haqqında da söhbət açmışdır. E. Süleymanov vurğulamışdır ki, Azərbaycan sürətlə inkişaf etdiyi bir vaxtda Ermənistan böyük regional layihələrdən özünü təcrid etmişdir.
Diplomat, həmçinin neft müqavilələri və Azərbaycanın resursları haqda sualları cavablandırmış, Azərbaycan ilə ABŞ-ın 20 illik əməkdaşlığına xüsusi diqqət yetirmişdir.
Müsahibədə Azərbaycan-ABŞ əməkdaşlığının digər aspektlərinə də toxunulmuşdur.
Yusif Babanlı
Vaşinqton