SİYASƏT
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Bakıda keçiriləcək Müştərək Cəmiyyətlər Forumunun yüksək səviyyədə toplantısına müraciət ünvanlamışdır
Bakı, 30 avqust (AZƏRTAC). ABŞ-ın sabiq dövlət katibi xanım Hillari Klinton sentyabrın 4-6-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən Bakıda keçiriləcək Müştərək Cəmiyyətlər Forumunun yüksək səviyyədə toplantısına müraciət göndərmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Hillari Klinton müraciətində Cənubi Qafqaz Forumunun yaratdığı şəbəkənin üzvlərinə və toplantının iştirakçılarına uğurlu və səmərəli forumun keçirilməsi ilə bağlı xoş arzularını çatdırmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı ilə yanaşı, Stokholmda, Vaşinqtonda, Brisbendə, Afinada və İsgəndəriyyədə də silsilə xarakterli yüksək səviyyədə toplantıların keçirilməsi nəzərdə tutulmuşdur.