DÜNYA
ABŞ iqtisadçıları Yellenin FES-in başçısı təyin edilməsindən sonra ölkə iqtisadiyyatının sürətlə bərpa olunacağını gözləmirlər
Bakı, 10 oktyabr (AZƏRTAC). Əgər ABŞ Konqresinin senatı Canet Yellenin Federal Ehtiyatlar Sisteminin (Mərkəzi Bankın funksiyalarını yerinə yetirir) başçısı vəzifəsinə namizədliyini təsdiq edərsə, Amerika iqtisadçıları iqtisadiyyatın sürətlə bərpa olunacağını gözləmirlər.
“The Wall Street Journal” qəzeti Yellenin rəfiqəsi və prezident yanında İqtisadi Məsləhətçilər Şurasının sabiq rəhbəri Kristina Romerin bu sözlərini sitat gətirir: “Düşünmürəm ki, yaxın vaxtlarda Yellen hər hansı cəsarətli təşəbbüslər irəli sürsün. O, indiki siyasətin formalaşdırılmasında iştirak etmişdir, buna görə də yəqin ki, varisliyi davam etdirəcəkdir”.
Onun sözlərinə görə, FES-in kəmiyyət göstəriciləri proqramını ixtisar etməyə dəyməz. Əksinə, ölkə iqtisadiyyatını böhrandan əvvəlki səviyyəyə mümkün qədər tez çatdırmaq üçün bu siyasəti daha qəti şəkildə həyata keçirmək lazımdır. Bu, yaxın gələcəkdə ölkənin maliyyə vəziyyətinin bərpa olunacağına vətəndaşların və biznesin inamını artırardı.
Romer belə hesab edir: “İqtisadi inkişafı stimullaşdırmaq və əhval-ruhiyyəni bərpa etmək üçün FES-in siyasətində tədrici dəyişikliklər yetərli deyildir”.
CNBC televiziya kanalı “Capital Economics” tədqiqat firmasının müştərilər üçün məlumatını sitat gətirir.
Yellenin FES-in başçısı vəzifəsinə təyin olunmasını prezident Barak Obama elan etmişdir. Hazırda FES-in Müdirlər Şurası sədrinin müavini olan 67 yaşlı Yellenin namizədliyi ABŞ Konqresinin senatı tərəfindən təsdiq olunmalıdır. Senat təsdiq edərsə, Yellen FES-in ilk qadın başçısı olacaqdır.
FES-in indiki başçısının səlahiyyət müddəti 2014-cü il yanvarın 31-də bitir. İndiyədək Yellen Bernankenin “sağ əli” olmuşdur. CBS teleradio şəbəkəsi “PNC Financial Services Group” maliyyə korporasiyasının böyük iqtisadçısı Qus Fauxerin bu sözlərini sitat gətirir: “Yellen 70-ci illərin sonunda, inflyasiyanın yüksək səviyyədə olduğu və sürətlə artdığı bir dövrdə FES-də iqtisadçı olmuşdur. Buna görə də o, çox zəif pul-kredit siyasətinin nə kimi nəticələr verdiyini başa düşür”.