DÜNYA
ABŞ Müdafiə naziri Cənubi Koreyanı müdafiə xərclərini artırmağa çağırıb
Bakı, 15 noyabr, AZƏRTAC
Cənubi Koreya Amerika hərbi kontingentini ölkəsində saxlamaq üçün maliyyə xərcini artıra bilər və bunu etməlidir.
AZƏRTAC YTN telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper birgə təhlükəsizlik məsələləri üzrə 51-ci illik iclasın nəticələrinə həsr olunan mətbuat konfransında deyib.
“Cənubi Koreya varlı ölkədir, o, Amerika qoşunlarının ölkədə yerləşdirilməsi xərclərini artıra bilər və bunu etməlidir”, - deyə Esper bildirib. Onun sözlərinə görə, müvafiq xərclərin ədalətli bölgüsü barədə yeni sazişin əldə olunması həm Vaşinqton, həm də Seul üçün çox vacib məsələdir.
Qeyd edək ki, Cənubi Koreyada 28,5 minlik hərbi kontingentin saxlanılması Vaşinqtona təxminən ildə 5 milyard dollara başa gəlir. 2019-cu ildə imzalanan birillik müqaviləyə əsasən, Seulun müvafiq xərcləri 8,2 faiz artırılaraq 1,04 trilyon vona (915 milyon dollar) çatdırılıb.
Noyabrın 7-də Koreya Respublikası parlamentinin birləşmə üzrə komitəsinin rəhbəri Yun San Hön Vaşinqtonun Seula birgə müdafiə xərclərini demək olar ki, beş dəfə artıraraq 4,7 milyard dollara çatdırılması barədə tələb irəli sürdüyünü deyib. Həmçinin ABŞ Cənubi Koreyanın yarımada xaricində Amerika Silahlı Qüvvələrinin saxlanılması xərclərini artırmasını da israr edir.
Xatırladaq ki, ABŞ 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsindən bəri Cənubi Koreyada qoşun saxlayır.