SİYASƏT
ABŞ PREZİDENTİNİN TÜRKİYƏ PREZİDENTİ VƏ BAŞ NAZİRİ İLƏ TELEFON DANIŞIĞINDA CƏNUBİ QAFQAZDAKI VƏZİYYƏT DƏ MÜZAKİRƏ OLUNMUŞDUR
Ankara, 17 fevral (AZƏRTAC). ABŞ Prezidenti Barak Obamanın türkiyəli həmkarı Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olmuşdur.
Türkiyə Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, söhbət zamanı Cənubi Qafqaz, Yaxın Şərq, Əfqanıstandakı vəziyyət, Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələləri müzakirə olunmuşdur. Barak Obama həmkarı Abdullah Gülə bidirmişdir ki, Türkiyə bölgədə liderlik baxımından çox mühüm bir vəzifəni yerinə yetirir, xüsusilə Qafqazda və Əfqanıstanda zəruri işlər görür.
ABŞ Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətində isə bildirmişdir ki, onun administrasiyası bir çox məsələlərdə Türkiyə ilə birlikdə fəaliyyət göstərmək istəyir. O, Türkiyənin Baş nazirinin Yaxın Şərqdəki sülh prosesində mühüm rol oynadığını bildirmişdir. Əlavə etmişdir ki, Birləşmiş Ştatlar hər zaman Türkiyənin həssas məsələlərini anlayışla qarşılamışdır.
Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında strateji əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Qafqazdan Yaxın Şərqədək bir çox sahədə ABŞ ilə birgə fəaliyyət göstərdiklərini söyləmişdir. O, xüsusilə Ermənistan və Yaxın Şərq siyasətində Türkiyənin mövqelərini diqqətə çatdırmış, ikitərəfli əlaqələrin zərər görməməsi üçün Birləşmiş Ştatların ədalətli və tərəfsiz mövqeyinin əhəmiyyətini vurğulamışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara