ELM VƏ TƏHSİL
Abşeron şəraitində xətvarı çilopsis növü üzərində tədqiqat aparılıb
Bakı, 23 avqust, AZƏRTAC
Dendrologiya İnstitutunun elmi işçisi Şəbnəm Əliyeva tərəfindən Abşeron şəraitində Biqnoniya fəsiləsinin “Chilopsis” cinsinə aid xətvarı çilopsis növü üzərində tədqiqat işləri aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növün Abşeron şəraitində çoxaldılması, cücərtilərinin morfologiyası, fenoloji inkişaf fazaları, boy artımı, çiçəkləmə və meyvə əmələgətirmə biologiyasının elmi əsaslarla öyrənilməsi və yaşıllaşdırmada istifadəsi tövsiyə edilib.
Xətvarı çilopsis növü 2014-cü ildə ABŞ-ın Kaliforniya Botanika bağından gətirilib. Bu növün toxumlarının tədqiqatı Dendrologiya Bağının təcrübə sahələrində aparılıb. Tədqiq olunan növ istənilən şəraitdə Abşeronun torpaq və iqlim şəraitində toxum və qələmlə çoxaldıla bilər. Məlum olub ki, Abşeron şəraitində xətvarı çilopsis növünün dinamik inkişafı aprelin birinci ongünlüyündən avqustun axırlarınadək, ikinci boy artımı isə sentyabrın ikinci ongünlüyündən noyabrın birinci ongünlüyünədək davam edir.
Tədqiqat onu deməyə əsas verir ki, xətvarı çilopsis növü Abşeronun torpaq iqlim şəraitinə tədricən uyğunlaşıb. Növün Abşeronda yeni parkların, bağların, magistral yol ətrafının, bəzək memarlığı əsasında yaşıllaşdırılmada tək, qrup əkinlərində, canlı çəpərlərin salınmasında, rütubətli yerlərdə, eroziyanın qarşısının alınmasında istifadəsi məqsədəuyğundur. Bununla yanaşı, xətvarı çilopsis növündən sənayedə müxtəlif əşyaların hazırlanmasında, çiçəklərindən hazırlanmış cövhərlərdən öskürəkdə, infeksion, göbələk, ürək-damar xəstəliklərində, açıq yaraların müalicəsində, bədəndə şəkərin tənzimlənməsində istifadə edilir. Xətvarı çilopsis növü Abşeronun torpaq iqlim şəraitinə davamlı olub yerli şəraitə adaptasiya imkanlarına malikdir.