ELM VƏ TƏHSİL
“Abşeron yarımadasının müasir landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri” kitabı nəşr olunub
![“Abşeron yarımadasının müasir landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri” kitabı nəşr olunub](/files/2015/3/1200x630/1447841596160045162_1200x630.jpg)
Bakı, 18 dekabr, AZƏRTAC
Müəlliflər kollektivinin “Abşeron yarımadasının müasir landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri” monoqrafiyası çapdan çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, kitab bu elm müəssisəsinin və AMEA-nın 70 illik yubileyinə həsr olunub.
Yeni nəşrdə Abşeron yarımadasının müasir landşaftları, onların ekocoğrafi vəziyyəti ən yeni materiallar əsasında şərh edilib. Tərtib olunmuş iri miqyaslı rəqəmsal “Landşaft xəritəsi” əsas götürülməklə Abşeron yarımadasının çirklənməmiş və neftlə çirklənmiş landşaftlarında makrokimyəvi və mikrokimyəvi elementlərin yayılma xüsusiyyətləri təqdim olunub.
İlk dəfə təqdim edilən “Abşeron yarımadasının landşaft geokimyəvi xəritəsi” və çoxlu sayda faktik materiallar qiymətli mənbə olmaqla landşaft planlaşdırılması, ekoloji-meliorasiya, regional planlaşdırma ilə məşğul olan mütəxəssislər üçün əvəzedilməz mənbədir.
Kitab ARDNŞ-nin “Elm Fondu”nun qrant layihəsi və yerinə yetirilən tədqiqatların nəticələri əsasında hazırlanıb.
Nəşrin elmi redaktoru Coğrafiya İnstitutunun direktoru, akademik R.Məmmədovdur.