Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib
Bakı, 3 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
İclasda çıxış edən Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini professor Akif Əliyev dissertasiyaların aktual problemlərin həllinə həsr olunmasının, dissertasiya mövzularının adlarının onların məzmununu tam əks etdirməsinin vacibliyini bildirib. Qeyd edib ki, bu, doktorant və dissertantların gələcəkdə müdafiə mərhələlərində problemlərlə qarşılaşmaması üçün mütləqdir. Professor təklif edib ki, dissertantura və ya doktoranturaya yeni qəbul olunmuş doktorantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur: “Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır”.
Sonra şura üzvləri çıxış edərək münasibətlərini bildiriblər.
İclasda neft kimyası, ekoloji kimya, fiziki kimya, radiasiya materialşünaslığı, kimyəvi kinetika və kataliz, nanokimya və nanomateriallar ixtisasları üzrə səkkiz dissertasiya mövzusu ətraflı müzakirə edilib.
Sonda təqdim edilən dissertasiya mövzularından altısının adı olduğu kimi, biri isə redaktə olunaraq təsdiqlənib, bir dissertasiya mövzusunun adı qəbul edilməyib.