MƏDƏNİYYƏT
Açıq səma altındakı sərgi mərkəzində Azərbaycanın və dünyanın tarixi şəxsiyyətlərinin büstləri sərgilənib VİDEO
Bakı, 20 avqust (AZƏRTAC). Avqustun 20-də İçərişəhərdəki Kiçik Qala küçəsində yerləşən açıq səma altında sərgi mərkəzində heykəltəraşlıq üzrə “Yaşayan tarix” adlı festival-sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, festival-sərginin münsiflər heyətinin üzvləri - Xalq Rəssamı Ömər Eldarov, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev və digərləri çıxış edərək belə bir tədbirin ilk dəfədir keçirildiyini vurğulayıblar. Onlar Azərbaycanda istedadlı gənc heykəltəraşların olduğunu qeyd edərək bu sərginin davamlı təşkil edilməsini arzuladılar. Bildirilib ki, sərgiyə təqdim olunan əsərlər peşəkarlıqla hazırlanıb.
Sərgidə qəbul edilən ərizə və keçirilmiş müsahibə nəticəsində seçilən 17 gənc heykəltəraşın bir ay ərzində hazırladığı Azərbaycanın və dünyanın 20 nəfər tarixi şəxsiyyətlərinin büstləri nümayiş edilib. Bunların arasında Babək, M.P.Vaqif, S.Bəhlulzadə, T.Nərimanbəyov, A.Eynşteyn, M.Qandi, L.N.Tolstoy və digər tarixi şəxsiyyətlərin portretlərini görmək olar.
Sonra qaliblərin adları açıqlanıb. Milli Qəhrəman Mübariz İbrahimovun büstünə görə Vüqar İmamquliyev birinci, Xalq Şairi Xəlil Rza Ulutürkün portretinə görə Kamran Əsədov ikinci, Xalq Rəssamı Toğrul Nərimanbəyovun büstünü hazırlayan Süleyman Rüstəmov isə üçüncü yerlərə layiq görülüblər.
Layihənin məqsədi Azərbaycan incəsənətinin və heykəltəraşlıq sənətinin inkişafına təkan vermək, gənc və istedadlı heykəltəraşların tapılıb üzə çıxarılması, onların tanıdılmasıdır. Həmçinin digər tanınmış rəssam və yaradıcı insanlarla, o cümlədən professional heykəltəraş və rəssamlarla əlaqələrinin yaradılması və möhkəmlənməsi, tanınmış şəxsiyyətlərin büst və heykəllərinin gələcəkdə şəhərin ayrı-ayrı yerlərində yerləşdirilməsinə kömək etmək də layihənin əsas məqsədləri sırasındadır.
Layihənin rəhbəri İslam Həsənəlizadə, kuratoru isə İsmayıl İsmayılovdur.