CƏMİYYƏT
“ADEX” və “Securex Caspian” sərgilərinin layihə meneceri: Sərgilər üçün geniş işgüzar proqram hazırlanıb VİDEO
Bakı, 30 avqust, AZƏRTAC
Sentyabrın 6-dan 8-dək Bakıda təşkil olunacaq 4-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX”lə paralel olaraq, 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu sərginin açılışına həsr olunan mətbuat konfransında “ADEX” və “Securex Caspian” sərgilərinin layihə meneceri Ülkər Qasımova deyib.
O diqqətə çatdırıb ki, “Securex Caspian” sərgisi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək beynəlxalq tədbirdir. Qeyd olunan sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur. Sərgidə Azərbaycan, Belarus, Çin, İsrail, Koreya Respublikası, Rusiya və digər ölkələrdən şirkətlər təmsil ediləcək.
“ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Konfransı (pilotsuz sistemlər, kibertəhlükəsizlik, hərbi tibb sahəsində innovasiyalar və sair aktual mövzularda sessiyalar keçiriləcək), hərbi orkestrin çıxışları, hərbi mövzularda VR oyunları və digər tədbirlər təşkil ediləcək.
O deyib ki, bu il ilk dəfə sərgiyə sponsorluq edən şirkətlərin də sayında artım müşahidə edilir. Sərginin baş sponsoru “Jadara Equipment & Defense Systems”, qızıl sponsoru “Turkish Aerospace”, bürünc sponsoru isə “ASFAT” şirkətidir.