ELM VƏ TƏHSİL
ADİU-nun tələbələri Çində müvafiq sertifikatla təltif olunmuşlar
Bakı, 19 iyul (AZƏRTAC). Çin Xalq Respublikasının ən böyük və aparıcı ali təhsil müəssisələrindən biri olan Cənub-Qərb Maliyyə və İqtisad Universiteti bir neçə ildir ki, davamlı şəkildə “SWUFE-i kəşf et - yay məktəbi” proqramını həyata keçirir.
Proqramın məqsədi universitetin dünyanın müxtəlif ölkələrindən gəlmiş tələbələr arasında tanıdılmasından ibarətdir.
Azərbaycan Dövlət İqtisad Universitetindən (ADİU) AZƏRTAC-a bildirmişlər ki, növbəti proqramda MDB məkanından ilk dəfə olaraq yalnız ADİU təmsil olunmuşdur. Proqrama, ümumilikdə, 21 ölkənin aparıcı universitetlərinin 74 tələbəsi qatılmışdır.
Çinin Çenqdu şəhərində keçirilmiş 2013-cü il proqramında ADİU-nun maliyyə fakültəsinin II kurs tələbəsi Toğrul Qafarlı və ümumi iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Xəzər İsalı iştirak etmişlər.
Proqram çərçivəsində iştirakçılar Çinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri və milli xörəkləri haqqında ətraflı məlumat əldə etmişlər. Onlar Çinin məşhur alimləri və ictimai xadimləri ilə görüşmüş, müxtəlif mövzulara həsr olunmuş mühazirələr dinləmişlər.
Proqram müxtəlif mədəniyyətləri təmsil edən gənclər arasında fikir mübadiləsi aparılması və dostluq münasibətlərinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. ADİU-nun tələbələri proqramın işində səmərəli fəaliyyət göstərmiş, iştirakçılara Azərbaycan, onun tarixi, mədəniyyəti və bu günü, o cümlədən ADİU haqqında geniş məlumat vermişlər.
Proqram çərçivəsində Çinin maliyyə və bank sistemi, Çin möcüzəsi və bu ölkənin iqtisadiyyatının sıçrayışlı inkişafı mövzularında keçirilmiş seminarlarda ADİU-nun tələbələri xüsusi fəallıqla seçilmişlər.
Proqramı uğurla başa vuran ADİU-nun hər iki tələbəsi SWUFE-in müvafiq sertifikatı ilə təltif olunmuşdur.