ELM VƏ TƏHSİL
ADMİU-DA QƏLƏBƏNİN 65 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Bakı, 27 aprel (AZƏRTAC). Aprelin 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) doktorant və gənc tədqiqatçıların “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda IV respublika elmi konfransı keçirilmişdir.
Alman faşizmi üzərində Qələbənin 65 illiyinə həsr olunan konfransda çıxış edən ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru Maral Manafova on minlərlə Azərbaycan vətəndaşının 1941-1945-ci illər müharibəsində iştirak etdiyini, respublikanın bütün potensialının düşmənlə mübarizəyə səfərbər olunduğunu, universitetdə çalışan bir çox müəllimlərin qələbə naminə ön və arxa cəbhədə xidmət etdiyini bildirmişdir.
Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Sadıqov konfransın mədəniyyət sahəsində mövcud problemlər və onların həlli yollarının araşdırılmasında, mədəniyyətin inkişaf perspektivlərinin müəyyən edilməsində mühüm rol oynadığını bildirmişdir.
“Biz qələbənin varisləriyik”, “1941-1945-ci illər müharibəsində Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin rolu” mövzusunda məruzələrdə müharibə illərində xalqımızın cəsur övladlarının göstərdiyi qəhrəmanlıqların bugünkü gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində vacib amillərdən olduğu vurğulanmışdır.
Sonda vətənpərvərlik mahnılarından ibarət konsert olmuşdur.