ELM VƏ TƏHSİL
ADNSU-nun tələbələri Türkiyədə keçirilən beynəlxalq konfransda sertifikata layiq görülüblər
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kimya texnologiya fakültəsinin 4 və bu ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 1 tələbəsi Türkiyənin İzmir şəhərində keçirilən “Termofiziki və mexaniki xüsusiyyətlərin yeni üsulları” mövzusunda VI beynəlxalq konfransında iştirak edib və sertifikata layiq görülüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Mustafa Babanlı beynəlxalq konfransın iştirakçıları olan tələbələrlə görüşüb.
Görüşdə M.Babanlı universiteti beynəlxalq tədbirdə layiqincə təmsil etdikləri üçün tələbələrə təşəkkürünü bildirib. Rektor ADNSU-da müasir standartlara uyğun təhsil üçün hər cür şərait yaradılmasının, kimya üzrə laboratoriyaların yenidən qurulmasının prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb.
Tələbələr beynəlxalq konfransla bağlı təəssüratlarını bölüşüblər.