DÜNYA
Afinada ölkə müsəlmanları üçün məscidin tikilməsi təxirə salınmışdır
Bakı, 5 fevral (AZƏRTAC). Yunanıstanda maliyyə böhranı ilə əlaqədar Afinada ölkə müsəlmanları üçün məscidin tikilməsi planı təxirə salınmışdır.
“Euro news” kanalının məlumatına görə Afina Avropa İttifaqında məscid və müsəlman qəbiristanlığı olmayan yeganə paytaxtdır. Müsəlmanlar ibadət etmək üçün zirzəmiləri icarəyə götürərək oradan müvəqqəti məscid kimi istifadə edirlər. Yunanıstanda yaşayan müsəlmanlar onlarla “ikinci dərəcəli vətəndaş” kimi davranıldığını bildirirlər. Zirzəmilərin icarə haqqını dindarlar özləri ödəyir. Lakin əsas problem odur ki, son aylarda irqi zəmində baş verən insidentlərdən sonra heç kim yerini məscid üçün icarəyə vermək istəmir. 2004-cü ildə Afinada məscidin tikilməsi planlaşdırılmışdır. Lakin Yunan Pravoslav Kilsəsi və əhali buna qəti etirazlarını bildirmişlər. Ultra-sağçı Qızıl Şəfəq partiyası da məscidin tikintisinə etiraz edir.