ELM VƏ TƏHSİL
Ağ Naftalan yağının xaricdə qeydiyyatı üçün əlavə klinik sınaqlar planı hazırlanacaq
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov Rusiyanın Moskva və Belarusun Minsk şəhərlərində elmi ezamiyyətdə olub.
NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə ağ Naftalan yağı, onun əsasında yeni yaradılmış kompozisiya tərkibli preparatların geniş klinik sınaqları və hər iki ölkədə qeydiyyatı məsələləri müzakirə olunub.
Moskvada Tibbi Bərpa və Kurortologiya İnstitutunda keçirilən görüşdə bu elm müəssisəsinin tədqiqatlar üçün imkanları öyrənilib, əməkdaşlıq haqqında müqavilə bağlanması və qısa müddətdə müştərək tədqiqatlara başlanması qərara alınıb.
Belarus səhiyyə nazirinin müavini, əczaçılıq sənayesi departamentinin direktoru Valeri Şevçuk və “İnvestment Banking” şirkətinin rəhbəri Vitali Buzduqanla görüşlərdə ağ Naftalan yağının kosmetik vasitə və dərman preparatı kimi qeydiyyatı üçün əlavə klinik sınaqlar planı hazırlanması təklif olunub.
NKPİ-nin elmi işlərinin bir sıra nəticələrinin Belarusda və Rumıniyada tətbiqinin maliyyələşdirilməsi, sınaqlar üçün beynəlxalq qrantlar ayrılması və əməkdaşlıq məsələləri müzakirə edilib.