MƏDƏNİYYƏT
“Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti” kitabı çapdan çıxmışdır
Bakı, 5 iyul (AZƏRTAC). Dilarə Nağıyevanın “Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti” kitabı Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə “Elm” nəşriyyatında çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, kitabda ilk dəfə olaraq Ağa Musa Nağıyevin sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyəti kompleks şəkildə tədqiq olunmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı neft sənayesinin canlanmasının mədəni və ictimai həyata təsiri, Azərbaycan milyonçuları arasında öz vətənpərvərliyi, xeyirxahlığı ilə seçilən Ağa Musa Nağıyevin həyat və fəaliyyətinin çox hissəsi elmi tədqiqata ilk dəfə cəlb olunaraq tarixi sənədlər əsasında öyrənilmişdir. Kitabda milyonçunun keçdiyi kəşməkəşli həyat yolu tam şəkildə əks olunmuş, onun millət yolunda gördüyü işlərə geniş yer verilmişdir.
Tanınmış elm adamlarının rəy verdikləri kitabda keçmiş sovet dövründə milyonçunun nəslinə məxsus insanların repressiyalara, sürgünlərə məruz qalmaları, daim təzyiq altında yaşamaları da faktların dili ilə oxucuya çatdırılmışdır.