REGİONLAR
Ağbulaq İstirahət Mərkəzində “Qış liderlik məktəbi”nə start verilib
Şahbuz, 23 fevral, AZƏRTAC
Muxtar respublikanın Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində Yeni Azərbaycan Partiyasının gənc fəalları üçün üçgünlük “Qış liderlik məktəbi”nə start verilib.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Qış liderlik məktəbi”ndə partiyanın müxtəlif sahələrdə fəaliyyət göstərən 30 gənc üzvü iştirak edir.
Düşərgənin ilk günündə Bakı şəhərindən dəvət olunmuş təlimçi Fəxri Məhəmmədzadə tərəfindən “Effektiv komanda işi”, “Liderlik və təsirli ünsiyyət” mövzularında təlim keçirilib, komanda quruculuğu oyunları təşkil olunub. Gənclər gün ərzində layihənin əyləncəli açılış tədbirində iştirak edib, “Prezident. Təkrarsız diplomatiya” sənədli filmini izləyiblər.
Düşərgə müddətində təlimlər davam etdiriləcək, poeziya saatı, intellektual yarışmalar, seminarlar, müzakirələr təşkil ediləcək, fərqlənən iştirakçılar sertifikatla mükafatlandırılacaqlar.
“Qış liderlik məktəbi” Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilir.