ELM VƏ TƏHSİL
Ağcabədi, Ağdam, Zərdab, Bərdə və Tərtər rayonlarının XI sinif şagirdləri buraxılış imtahanı veriblər
Ağcabədi, 11 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də qurumun Ağcabədi regional bölməsinin əhatə etdiyi Ağcabədi, Ağdam, Zərdab, Bərdə və Tərtər rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrində təhsil alan XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
TQDK-nın Ağcabədi regional bölməsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Samir Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, imtahanların keçirilməsi üçün qeyd olunan rayonlarda, ümumilikdə 16 imtahan mərkəzi ayrılıb. İmtahanlarda 5529 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunması 45 imtahan rəhbəri və 466 nəzarətçi-müəllimə həvalə edilib. Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunublar. İmtahan keçirilən binalardan 5 kilometrdən uzaqda yaşayan şagirdlərin imtahanlarda iştirakını təmin etmək məqsədilə dövlət vəsaiti hesabına TQDK tərəfindən nəqliyyat vasitələri ayrılıb.
Ağcabədi şəhərində XI sinif şagirdləri üçün buraxılış imtahanları 4 mərkəzdə keçirilib. 3 nömrəli məktəb-liseydə, 8, 11 nömrəli tam orta məktəblərdə, həmçinin laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbə tam orta məktəbində təşkil olunan buraxılış imtahanlarında 1753 şagird iştirak edib. İmtahanlar 3 nömrəli məktəb-liseydə Azərbaycan və rus, digər məktəblərdə isə Azərbaycan bölmələri üzrə keçirilib. Buraxılış imtahanları 14 imtahan rəhbəri və 155 nəzarətçi-müəllim tərəfindən idarə olunub.
İmtahanlar ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Xarici dil tədris olunmayan şagirdlər isə xarici dilin yerinə kimya fənnindən imtahan veriblər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər sərbəst mövzu üzrə yazı işi də yerinə yetiriblər. Test tapşırıqlarına 2 saat 15 dəqiqə, yazı işinə isə 30 dəqiqə vaxt ayrılıb. İmtahanın gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb.
Qeyd edək ki, XI siniflər üçün keçirilən buraxılış imtahanlarında Ağcabədidə 1753, Ağdamda 811, Zərdabda 473, Bərdədə 1758, Tərtərdə isə 734 şagird iştirak edib. Buraxılış imtahanı təlimata uyğun olaraq saat 15:00-da başlayıb və hər hansı qanun pozuntusuna yol
verilmədən 17:45-də başa çatıb.
TQDK-nın Ağcabədi regional bölməsinin əhatə etdiyi Füzuli, Beyləqan, Xocavənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları iyunun 16-da keçiriləcək.