REGİONLAR
Ağcabədi rayonunda 2374,4 hektar sahədə təkrar əkin aparılıb
Ağcabədi, 27 sentyabr, AZƏRTAC
Ağcabədi rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə mülkiyyətçilər əvvəlki illə müqayisədə 521,7 hektar çox olmaqla, 2374,4 hektar sahədə təkrar əkin aparıblar. Təkrar əkinlərin 1672,76 hektarı qarğıdalı, 615,54 hektarı darı, 40,51 hektarı kələm, 24,83 hektarı pomidor, 20,76 hektarı xiyar bitkisidir.
Bundan başqa, payızlıq əkinlər üçün 30 min 815 hektar sahədə şum qaldırılıb. Hazırda rayonda məhsul yığımı, bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi və növbəti təsərrüfat ilinə hazırlıq işləri davam etdirilir.