CƏMİYYƏT
Ağcabədidə bayram tədbiri keçirilmişdir
Ağcabədi, 8 mart (AZƏRTAC). 8 Mart- Beynəlxalq Qadınlar Günü Ağcabədi rayonunda geniş qeyd olunmuşdur.
Rayon qadınlarının nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etmişlər.
Sonra “Xan Çinar” şadlıq sarayında əlamətdar gün münasibətilə təntənəli bayram mərasimi keçirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında çalışan, həmçinin məcburi köçkün və şəhid ailələrindən olan qadınların iştirak etdiyi tədbirdə rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik etmiş, rayonun ictimai-siyasi və mədəni həyatında onların fəal rolundan danışmışdır. Dünya qadınları sırasında öz layiqli yerini tutan Azərbaycan qadınının böyük inkişaf yolu keçdiyini, qəhrəman övladlar böyütdüyünü dilə gətirən Ş. Məmmədov müstəqil Azərbaycan dövlətinin həyatının bütün sahələrində uğurlu fəaliyyət göstərən, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verən qadınlarımızın əməyini yüksək qiymətləndirmişdir.
Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, habelə təhsil, mədəniyyət və sahiyyə sahələrində uğur qazanmış qadınlara rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələr verilmişdir.
Mədəniyyət şöbəsinin musiqiçiləri maraqlı konsert proqramı ilə tədbiri daha da rövnəqləndirmişlər.