REGİONLAR
Ağcabədidə konservasiyalı kənd təsərrüfatı texnologiyalarına həsr olunmuş tədbir keçirilmişdir
Ağcabədi, 29 noyabr (AZƏRTAC). Aqro İnformasiya Mərkəzi (AİM) tərəfindən həyata keçirilən kənd yerlərində “İqlim dəyişmələrinə uyğunlaşma” layihəsi çərçivəsində Ağcabədi, Beyləqan və Zərdab rayonlarında yararsız torpaqlar konservasiyalı kənd təsərrüfatı texnologiyalarının tətbiqi ilə bərpa edilir.
AZƏRTAC xəbər verir ki, Ağcabədi rayonunun Qiyamadınlı kəndində konservasiyalı kənd təsərrüfatı faydalarına həsr edilmiş tədbir keçirilmişdir.
Elmi-tədqiqat institutları alimlərinin, Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin, fermerlərin, icra orqanları və aqrar sahədə fəaliyyət göstərən təşkilatların nümayəndələrinin iştirak etdikləri tədbirdə konservasiyalı kənd təsərrüfatı texnologiyasının tətbiq edildiyi becərmə üsulunun son 3 ildə fermerlərə verdiyi faydalar barədə məlumat verilmiş, şumsuz əkin sahələri nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən AİM-in sədri Fazil Cəfərov bildirmişdir ki, konservasiyalı kənd təsərrüfatı torpağın şum edilməsinin azaldılması və ya şum edilmənin sıfıra endirilməsinə əsaslanır. Bu prosesin həyata keçirilməsi ilə torpağın münbitliyinin yaxşılaşması ilə yanaşı, istixana qazlarının atmosferə buxarlanmasının azalması və torpaqlarda artmış karbonun udulması müşahidə edilir. Laborator analizlərlə əldə edilmiş nəticələr göstərir ki, konservasiyalı kənd təsərrüfatı tətbiq edilən sahələrdə 3 il müddətində humusun miqdarı 6-7 faiz artmışdır. Konservasiyalı kənd təsərrüfatı texnologiyasının tətbiqi zamanı su sərfi 20-30 faiz, toxum sərfi 35-40 faiz, 1 hektar üçün yanacaq sərfi 3,3 dəfə, 100 hektar əkin sahəsi üzrə atmosferə buraxılan karbon dioksidin miqdarı 14 min 874 ton azalmış, becərmə xərclərinə 35-40 faiz qənaət edilmişdir. Həm istehsal xərclərinin azalması, həm də məhsuldarlığın artması hesabına fermerlərin gəlirləri bir neçə dəfə artmışdır.
Hazırda Ağcabədi, Beyləqan və Zərdab rayonlarının 18 kəndində 95 fermerlə 90,30 hektar sahədə konservasiyalı kənd təsərrüfatı texnologiyaları tətbiq edilir.