REGİONLAR
Ağcabədidə polisin keçirdiyi əməliyyat zamanı 30 nəfər saxlanılıb
Ağcabədi, 23 avqust, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının son günlərdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməlləri törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən 30 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ceyhun Hüseynov saxlanılıb. Onun üzərinə və həyətində saxladığı avtomobilinə baxış keçirilən zaman 2 kiloqram 200 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Şöbə əməkdaşlarının keçirdiyi digər tədbirlərlə oğurluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakinləri Rahim Cəfərov və Elçin Hüseynov saxlanılıblar. R.Cəfərovun rayon ərazisindəki aptekdən, E.Hüseynovun isə evlərin birindən oğurluq etdikləri müəyyən olunub. Onların zərərçəkmiş şəxslərə 5300 manat miqdarında ziyan vurduqları məlum olub. E.Hüseynovun üzərinə baxış keçirilən zaman isə heroin də aşkar edilərək götürülüb.
Bundan başqa, Ağcabədi RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 28 nəfər barəsində cinayət işi başlanılıb, onlardan 22 kiloqramdan artıq müxtəlif adda narkotik vasitələr aşkarlanıb. Bir nəfərdən isə qanunsuz olaraq əldə edərək saxladığı avtomat silahı götürülüb.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə qanunamüvafiq qaydada tədbirlər görülüb.