İQTİSADİYYAT
Ağcabədidə smart-kart tipli sayğaclar quraşdırılacaqdır
Bakı, 1 dekabr (AZƏRTAC). Payız-qış mövsümünə hazırlıq çərçivəsində Ağcabədi Elektrik Şəbəkə Müəssisəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, “Ağcabədi” yarımstansiyasında 25 meqavat-amper (MVA) gücündə transformator 63 MVA-lıqla əvəz olunmuşdur. Həmin obyektdə istismar olunan 40 MVA-lıq transformator təmir məqsədilə çıxarılmışdır və yaxın zamanlarda sazlanaraq istismara buraxılması nəzərdə tutulur. Cari ilin sonunadək 35 kilovoltluq “Ağcabədi-2” yarımstansiyasındakı iki transformatordan biri - 6,3 MVA-lıq transformator 10 MVA-lıqla əvəz ediləcəkdir. Bundan başqa, eyni gərginlikli “Qış yatağı” yarımstansiyasındakı transformatorlardan biri daha güclüsü ilə əvəz olunacaqdır.
Şəbəkənin tamamilə yeniləşdirilməsi üçün Ağcabədi rayonunun mərkəzində və 7 kənddə SİP kabel çəkilməsi və smart-kart tipli sayğacların quraşdırılması nəzərdə tutulur.