REGİONLAR
Ağcabədidə uşaq və yeniyetmələr üçün növbəti günərzi yay düşərgəsi təşkil edilib
Ağcabədi, 31 avqust, AZƏRTAC
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr üçün növbəti günərzi yay düşərgəsi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən düşərgə zamanı əvvəlcə iştirakçılara idman qurğuları və avadanlıqları haqqında məlumatlar verilib. Sonra düşərgə iştirakçıları müxtəlif əyləncəli idman oyunları oynayaraq vaxtlarını səmərəli keçiriblər.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev respublikamızın müxtəlif şəhər və rayonlarında təşkil olunan yay düşərgələrinin məqsəd və vəzifələrindən söhbət açıb, düşərgə iştirakçılarına xoş istirahət arzu edib.
Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov, Ağcabədi Olimpiya İdman Kompleksinin üzgüçülük müəllimi, "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Nicat Musayev çıxış edərək, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafından, uşaq, yeniyetmə və gənclər üçün yaradılan şəraitdən, gənc nəslin vətənpərvər ruhda tərbiyəsinin önəmindən, 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıb, düşərgə iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Düşərgə zamanı uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirmək üçün intellektual oyun təşkil edilib.