CƏMİYYƏT
AĞDAMDA ÇERNOBIL ƏLİLLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Ağdam, 26 aprel (AZƏRTAC). Ağdam Rayon İcra Hakimiyyətində Çernobıl atom elektrik stansiyasında baş vermiş qəza nəticəsində əlil olmuş rayon sakinləri ilə görüş keçirilmişdir.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli, Çernobıl Əlilləri İttifaqının rayon filialının sədri Abil Allahverdiyev çıxış edərək Çernobıl faciəsi, qəzanın nəticələrinin aradan qaldırılmasında azərbaycanlıların iştirakı və digər məsələlərdən danışmışlar.
Bildirilmişdir ki, Çernobıl qəzasının aradan qaldırılması zamanı 86 Ağdam sakini əlil olmuşdur. Ötən müddət ərzində onlardan ikisi dünyasını dəyişmiş, bir nəfər isə Qarabağ müharibəsində şəhid olmuşdur.
Bu gün Çernobıl əlillərinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Çernobıl əlillərinin hüquqları müharibə əlillərinin hüquqları ilə bərabər tutulur. Onlar pensiya təminatından əlavə Prezident təqaüdü ilə də təmin edilirlər.
Sonda Çernobıl əlillərinə ərzaq yardımı edilmişdir.