MƏDƏNİYYƏT
Ağdamın tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
Ağdam, 23 iyul (AZƏRTAC). İyulun 23-də Ağdamın Ermənistan hərbi birləşmələri tərəfindən işğalından 21 il ötür.
Respublikamızın dilbər guşələrindən olan Ağdam rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, kurqan, məbəd, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir.
Rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu bölgənin ərazisində 4 dünya, 3 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidə vardır.
Rayonun Xaçın-Dərbəndli kəndində Qutlu Musa oğlu türbəsi (1314-cü il), Ağdam şəhərində məscid (1868-ci il), Şahbulaq kəndində məbəd (VI-VIII əsrlər), Karvansara (XVIII əsr), Xanoğlan məqbərəsi (XVII əsr), Kəngərli kəndində məbəd (VI əsr), XIV əsrə aid türbə və daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdam şəhərində Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XVIII əsr), Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, onlarla digər abidələr, həmçinin 3 mindən artıq eksponatı olan Ağdam Tarix-Diyarşünaslıq Muzeyi artıq 21 ildir ki, erməni vəhşiliyinin qurbanına çevrilib.
Rayon ərazisində mövcud olan abidələr erməni işğalçıları tərəfindən məhv edilib.