REGİONLAR
Ağdaş rayonuna Macarıstandan 400 baş ətlik və südlük mal-qara gətirilmişdir
Ağdaş, 6 avqust (AZƏRTAC). Ağdaş rayonunda müasir tipli heyvandarlıq kompleksinin tikintisi başa çatmaq üzrədir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Ərəbocağı kəndində inşa olunan kompleksdə 1200 baş cins heyvan bəslənəcəkdir. Ümumilikdə, 30 hektar ərazini əhatə edən kompleksdə beş böyük ferma, işçilər üçün evlər, ikimərtəbəli ofis binası, yem anbarı, nasosxana inşa edilmiş, hazırda isə yardımçı tikililərin inşası və ətraf ərazinin abadlaşdırılması istiqamətində işlər aparılır. Bu günlərdə kompleksə Macarıstandan 400 baş yerli şəraitə uyğun ətlik və südlük mal-qara gətirilmişdir.
Kompleksdə bəslənəcək heyvanlar üçün bu il 1000 hektar ərazidə yonca toxumu səpilmiş və hazırda biçin aparılır. Əlavə olaraq, 500 hektar sahəyə isə yem üçün arpa və qarğıdalı səpilmişdir. Kompleksdə 110 nəfər daimi işlə təmin ediləcəkdir.