REGİONLAR
Ağdaşda 230 nəfər könüllü qan verib
AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasında keçirilən xeyriyyə aksiyasına icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, gənclər həvəslə qoşulublar.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə qan vermək istəyən vətəndaşları müayinə edib və onlara müəyyən məsləhətlər verərək qanverməyə hazırlayıblar.
Ağdaşda ildə bir neçə dəfə keçirilən qanvermə aksiyası kimi bu tədbir də yüksək səviyyədə başa çatıb. Könüllü qan vermək üçün xəstəxanaya müraciət edən 230 nəfərdən qan götürülüb.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.