İDMAN
Ağdaşda “Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə zona yarışı keçirilmişdir
Ağdaş, 7 mart (AZƏRTAC). Gənclər və İdman, Müdafiə, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə Ağdaş rayonunda “Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə zona yarışı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Ağdaş rayonunun Qəsil kənd məktəbində keçirilən zona birinciliyinin açılış mərasimində çıxış edənlər bildirmişlər ki, “Cəsurlar” hərbi-idman və turizm oyununun əsas məqsədi yeniyetmələrlə aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını və turizm hərəkatının inkişafını təmin etməkdən ibarətdir.
Qeyd edilmişdir ki, ölkəmizdə “Cəsurlar” hərbi-idman və turizm oyununun məktəbdaxili və rayondaxili seçmə yarışları yekunlaşmış və hazırda üçüncü mərhələ üzrə zona birincilikləri keçirilir. Ağdaşda keçirilən zona yarışında Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan rayon birinciliklərinin qalib komandaları iştirak etmişlər.
Yarışda məktəblərin 7-8-ci sinif şagirdləri sıra hazırlığı, maneələri dəf etmək, hədəfə “qumbara atmaq”, yaralını xilas etmək, təhlükəli zonanı tərk etmək və digər mərhələlər üzrə qüvvələrini sınamışlar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Ağsu komandası birinci yeri tutaraq finalda iştirak hüququ qazanmışdır.
İlk üç yeri tutan komandalara rayon gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri verilmişdir.