REGİONLAR
Ağdaşda karantin rejimini pozaraq polisin qanuni əmrinə tabe olmayan 2 nəfər həbs edilib
Ağdaş, 1 aprel, AZƏRTAC
Ağdaşda karantin rejimi qaydalarını pozaraq polisin qanuni əmrinə tabe olmayan 2 nəfər həbs edilib, 11 obyekt sahibi cərimələnib.
AZƏRTAC xəbər verir ki, polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən 8 kafe, 1 kompüter oyunları zalı və 2 geyim əşyaları satan mağaza aşkarlanıb. Həmin obyekt sahibləri barəsində karantin rejiminin qaydalarını pozduqlarına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.
Rayon ərazisində karantin rejimi ilə əlaqədar giriş-çıxışı məhdudlaşdırmaq üçün yaradılan postlarda polis əməkdaşları tərəfindən karantin rejim qaydaları izah olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polisin qanuni əmrinə tabe olmayaraq postu keçməyə cəhd göstərmiş 2 nəfər Ağdaş rayon sakini - Firdovsi Dosməmmədov və Toğrul Həsənov saxlanılıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib. Həmin şəxslər məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.
Eyni zamanda, sosial şəbəkələrdə koronavirus pandemiyası ilə bağlı heç bir dövlət qurumunun rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək yalan məlumatlar yayan Ağdaş şəhər sakini Nurlan Rəhimli saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və cərimə edilib.