REGİONLAR
Ağdaşda kələm yığımına başlanılmışdır
Ağdaş, 22 may (AZƏRTAC). Ağdaş rayonunda yazlıq bitkilərin əkin sahəsi ötənilki illə müqayisədə xeyli artmışdır. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən bildirmişlər ki, cari ildə Ağdaşda 3 min 650 hektar sahədə tərəvəz əkilmişdir. Torpaq mülkiyyətçiləri bu il 1230 hektar sahədə bostan məhsulları, 920 hektar sahədə kartof, 2 min 100 hektar sahədə qarğıdalı, 85 hektar sahədə paxla əkmişlər və hazırda bitkilərə aqrotexniki qulluq edilir. İyul-avqust aylarında məhsul yığımına başlanılacaqdır.
Ağdaş rayonunun əlverişli iqlim şəraiti ildə iki dəfə kələm yetişdirməyə və bol məhsul götürməyə imkan verir. Yaz mövsumundə rayonun Şəmsabad, Tofiqi, Xosrov, Ləki, Güvəkənd, Cardam, Kotanarx kəndlərində ümumilikdə 2 min 200 hektar sahədə kələm əkilmişdir. Hazırda rayonda kələm yığımı sürətlə davam etdirilir. Bugünədək 1650 ton məhsul toplanmışdır. Məhsul yığımı davam edir.