Ağdaşda tanınmış idmançı məktəblilərlə görüşüb
Ağdaş, 15 oktyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və Azərbaycan İdman Könüllüləri Birliyinin birgə həyata keçirdikləri “Çempionumuz” layihəsi çərçivəsində Ağdaşda rayonun Budo döyüşü üzrə tanınmış idmançı Nuran Yusifli ilə məktəblilərin görüşü olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov, təhsil şöbəsinin müdiri Hürü Əliyeva, UÇİŞM-nin direktoru Vüsal Davudov Budo döyüş növü üzrə məşqçi müəllim Xəyyam Mustafayev çıxış ediblər. Çıxışlarda “Çempionumuz” layihəsində əsas məqsədin bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işinin aparılması, böyük uğurlar qazanan idmançıların tanıdılması olduğu diqqətə çatdırılıb, Nuran Yusiflinin də bu cür idmançılardan olduğu bildirilib. N.Yusiflinin idman həyatından, əldə etdiyi böyük qələbələrdən danışılaraq onun bu zirvəyə heç də asanlıqla yüksəlmədiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Nuran Budo döyüş növü üzrə uşaqlar və yeniyetmə idmançılar arasında Dünya kubokunun ikiqat mükafatçısı, dünya kəmərinin sahibi, uşaqlar və yeniyetmələr arasında beşqat Azərbaycan çempionu, Heydər Əliyev kubokunun sahibi, "Baku Open" beynəlxalq turnirdə üçüncü yerin sahibidir.
Görüşdə Nuran Yusifli qazandığı nailiyyətlərdə ölkəmizdə idmana, idmançılara göstərilən dövlət qayğısının mühüm rolu olduğunu söyləyib, müxtəlif yarışlardan xatirələrini danışıb, məktəblilərin suallarını cavablandırıb.