REGİONLAR
Ağstafada könüllü gənclərlə görüş keçirilib
Ağstafa, 30 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Ağstafa rayonunda könüllü kimi fəaliyyət göstərən gənclərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova əvvəlcə könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gəncləri təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirilib ki, Prezident İlham Əliyev müvafiq sərəncamla gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ili Azərbaycan Respublikasında “Könüllülər ili” elan edib.
L.Eyyubova könüllülük hərəkatının inkişafından danışaraq dövlət başçısının göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini bildirib.
Qeyd edilib ki, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək böyük əhəmiyyət kəsb edir və bu, gənclərə geniş imkanlar yaradır.
Könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.
Sonda könüllü fəaliyyətini uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub.