REGİONLAR
Ağstafada məhsul bayramı
Ağstafa, 14 iyul (AZƏRTAC, Famil Quliyev). İyulun 14-də Kənd Təsərrüfatı Nazirliyinin, “Ağstafa Aqroservis” MMC-nin və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu rayonun tarixində ilk dəfə olaraq məhsul bayramı keçirildi.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi və qonaqlar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri qoyaraq xatirəsini ehtiramla andılar.
Məhsul bayramının iştirakçıları ilk olaraq Saloğlu qəsəbəsində müasir kənd təsərrüfatı texnikasının nümayişi və taxıl biçini mərasimində iştirak etdilər.
Daha sonra rayon mərkəzində Ağstafa Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının təməlinin qoyulması mərasimi keçirildi.
Mərasimdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ölkəmizdə aqrar sahənin inkişafına Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan danışdılar.
Bayram tədbiri şəhərin Heydər Əliyev prospektində davam etdirildi. Tədbir iştirakçıları Ağstafa şəhərinin Heydər Əliyev prospekti boyunca yürüş edərək rayonun qazandığı nailiyyətləri əks etdirən sərgilərlə tanış oldular. Küçə boyu rayonda istehsal olunan taxıl, meyvə-tərəvəz, üzüm, bostan məhsulları, ət və süd məhsullarından ibarət böyük guşələr yaradılmışdı.
Daha sonra məhsul bayramı “Ağstafa Aqroservis”MMC-nin həyətində davam etdirildi. Ağstafa rayonunda kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir texnika, gübrə və aqrokimyəvi preparatlarla təmin edilməsi və əkin sahəsinin artırılması istiqamətində məqsədəmüvafiq addımlar atılmışdır. 2009-cu ildən rayonda Azərbaycan İnvestisiya Şirkətinin və Almaniyanın bir neçə şirkətinin birgə təsis etdikləri “Ağstafasüd” və “Ağstafa-Aqroservis” MMC-lərin müəssisələri fəaliyyətə başlamışdır. Hər iki müəssisə Almaniyanın qabaqcıl “CLAAS” və “LEMKEN” şirkətlərinin texnikası ilə təchiz edilmişdir.
“Ağstafa-Aqroservis” MMC-nin sərəncamında olan 61 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlığı təkcə Ağstafa rayonunda deyil, qonşu rayonlarda da müasir tələblərə uyğun aqrotexniki tədbirləri kompleks şəkildə icra etməklə əkin, səpin və məhsul yığımını həyata keçirməyə imkan verir. Fəaliyyət göstərdikləri az vaxtda bu müəssisələr istehsal və emal sahəsini daha da genişləndirmiş, yeni layihələrin icrasına başlamışlar.
“Ağstafa-Aqroservis” MMC tərəfindən bu gün özündə istehsal-emal korporasiyasını cəmləşdirən mühüm bir layihənin təməli qoyulur. 30 min ton taxıl anbarı, saatda 5 ton emal və istehsal gücünə malik un və çörək zavodları, şirniyyat məhsulları istehsalı üzrə fabrikin və iaşə xidmətinin də daxil olduğu bu kompleksin təməlinin qoyulması ilə Ağstafa rayonunun iqtisadiyyatının inkişafında ciddi addım atılır. Layihənin icrası nəticəsində 40 daimi, 30 mövsümi işçinin işlə təmin olunması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 36,6 milyon manat təşkil edir. İstehsal olunan kənd təsərrüfatı məhsullarının tədarükündən başlayaraq son məhsulun emalına qədər böyük bir prosesi bir müəssisədə cəmləşdirməklə istehsalçıların və istehlakçıların maraqlarının uzlaşdırılmasına nail olunacaqdır.
Yeni müəssisənin təməlinin qoyulması mərasiminə Kənd Təsərrüfatı Nazirliyinin, rayon icra hakimiyyətinin rəhbər şəxsləri, Almaniya şirkətlərinin nümayəndələri və “Ağstafa Aqroservis” MMC-nin rəhbərləri qatıldılar.
Bayram tədbirində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzəmmədov, Milli Məclisin deputatları Nizami Cəfərov və İlyas İsmayılov iştirak etdilər.
Tədbir Azərbaycanın tanınmış müğənnilərinin iştirak etdiyi konsert proqramı və atəşfəşanlıqla ilə başa çatdı.