MƏDƏNİYYƏT
Ağsuda son antik və ilk orta əsrlərə aid olduğu güman edilən yeni arxeoloji tapıntılar aşkarlanmışdır
Ağsu, 21 iyun (AZƏRTAC). Ağsu rayonunda müxtəlif məqsədlər üçün aparılan qazıntı işləri zamanı təsadüfən iki arxeoloji tapıntı aşkar edilmişdir. Onlardan biri Girdiman çayı yaxınlığındakı Külüllü su mənbəyindən Ağsu şəhərinə çəkilən ikinci su kəməri üçün aparılan qazıntı işləri zamanı aşkarlanmışdır. Kəmərin keçəcəyi Kalağaylı kəndindən 60-70 metr şimalda ekskavatorun çalovu təsadüfən küp qəbirə ilişmişdir. Sınan küpün içərisində insan skeleti olmuşdur.
Digər arxeoloji tapıntı isə Ağsu şəhərindəki Şeyx Məcid qəbiristanlığı yaxınlığında məhəllə yolu çəkilərkən bir metr dərinlikdə aşkar edilmişdir. Burada çiy kərpicdən, adi və cilalanmış daşlardan tikinti qalıqları müəyyən olunmuşdur.
Hər iki tapıntı ilə əlaqədar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərliyi ilə ərazilərdə qısa müddətli ilkin arxeoloji tədqiqatlar aparılmışdır. Digər tapıntılardan və üst təbəqə materiallarından gəlinən ilkin rəyə görə küp qəbir aşkar olunan ərazi son antik və ilk orta əsrlərə gedib çıxır. Daha çox məscid qalıqlarına güman edilən digər tapıntı isə XIV-XVI əsrlərə, son Şirvanşahlar dövrünə təsadüf edir.
Əlbəttə, arxeoloji tapıntılar tariximizin daha dərindən və hərtərəfli öyrənilməsində ən etibarlı mənbədir. Məhz yeni arxeoloji tapıntılar Ağsuda şəhər mədəniyyətinin xeyli qədim dövrə təsadüf etdiyini göstərir.