MƏDƏNİYYƏT
Akademik Milli Dram Teatrı qastrol səfəri çərçivəsində qubalı tamaşaçılara iki səhnə əsəri təqdim etmişdir
Quba, 17 may (AZƏRTAC, Elxan Yusifli). Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı respublikamızın bölgələrinə qastrol səfərlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, teatrın yaradıcı kollektivi Qubadakı Bəşir Səfəroğlu adına mədəniyyət evində həm uşaqlar, həm də böyüklər üçün maraqlı tamaşalar nümayiş etdirmişdir.
Əvvəlcə səhnədə azyaşlılar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşası oynanılmışdır. Quruluşçu rejissoru Loğman Kərimov olan tamaşa balacalar tərəfindən maraqla qarşılanmışdır.
Günün ikinci yarısında isə səhnədə böyüklər üçün Rey Kuninin əsəri əsasında hazırlanmış ikihissəli “Zorən şorgöz” tamaşası nümayiş etdirilmişdir.
Tamaşada əsas rolları əməkdar artistlər Nicat Kazımov, Aslan Şirin, Mehriban Xanlarova, Şəlalə Şahvələdqızı və digər aktyorlar ifa etmişlər.
Teatr kollektivinin növbəti səfəri Xaçmaz şəhərinə olacaqdır.