ELM VƏ TƏHSİL
Akademik Nailə Vəlixanlı “Birliyin ulduzları” mükafatına layiq görülüb
Bakı, 25 avqust, AZƏRTAC
MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı 2019-cu il üçün “Birliyin ulduzları” mükafatına layiq görülüb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bu barədə məlumat Fondun icraçı direktoru Elvira Dolya tərəfindən akademik Nailə Vəlixanlıya göndərilmiş məktubda qeyd edilib. Məktubda deyilir ki, bu mükafatın verilməsi MDB ölkələri tərəfindən Nailə Vəlixanlının yaradıcı əməyinə və humanitar sahədəki uğurlarına verilən yüksək qiymətləndirmədən xəbər verir.
Qeyd edək ki, “Birliyin ulduzları” dövlətlərarası mükafatı diplomdan, mükafat laureatının fəxri nişanından və ona verilən sertifikatdan ibarətdir və hər il təntənəli şəkildə təqdim olunur. Hazırda epidemioloji vəziyyəti nəzərə alaraq, mükafatlandırılma mərasiminin formatı hazırlanır.