İQTİSADİYYAT
Aktau-Bakı-Batumi marşrutu üzrə yük axınının həcminin artması gözlənilir
Bakı, 9 fevral (AZƏRTAC). Aktau-Bakı-Batumi istiqamətində yük axınını artırmaq üçün Qazaxıstanın “Qazaxdəniznəqliyyatdonanma” milli dəniz gəmiçiliyi şirkəti və Batumi “Batumi İndastrial Holdinq” Əməkdaşlıq haqqında memorandum imzalamışlar.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, sənəd göstərilən marşrut üzrə yük axınının artması ilə əlaqədar olaraq, həmçinin əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafı çərçivəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin tapşırığına əsasən imzalanmışdır.
Memorandum çərçivəsində tərəflər Aktau-Bakı-Batumi istiqamətində Qazaxıstan ərazisindən ixrac olunan yük axınlarının, o cümlədən tranzit yüklərin təmin olunmasında, habelə Qara dənizdən idxal olunan yüklərin əks istiqamətdə yola salınmasında bir-birinə kömək göstərəcəklər.