İQTİSADİYYAT
Aktaudakı Logistika Mərkəzi Azərbaycan məhsullarının Mərkəzi Asiyaya ixracı üçün əlverişli şərait yaradır
Astana, 28 fevral, AZƏRTAC
Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanması ölkələrimiz arasında bir sıra iqtisadi layihələrin uğurla reallaşdırılmasına şərait yaradır. Belə layihələrdən biri də "Aktau Dəniz Limanı" Xüsusi İqtisadi Zonasında yerləşən "Azərsun İstehsal və Logistika Mərkəzi"dir.
Təməli 2014-cü il iyunun 28-də qoyulan və 2015-ci ilin dekabrında fəaliyyətə başlayan "Azərsun İstehsal və Logistika Mərkəzi"nin ümumi anbar sahəsi 8730 kvadratmetr olan quru və soyuducu anbarlar və digər infrastrukturdan ibarətdir. Dəyəri 20 milyon ABŞ dolları olan Logistika Mərkəzi Almaniya, Niderland, İtaliya, Yaponiya və Türkiyə istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və kiçiktonnajlı nəqliyyat vasitələri ilə təchiz edilib.
2017-ci il aprelin 4-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Aktau şəhərində "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Azərsun Holdinq"in birgə layihəsi olan "Azərsun İstehsal və Logistika Mərkəzi" ilə tanış olub. Nursultan Nazarbayev Azərbaycan və Qazaxıstan dövlət başçılarının bu Logistika Mərkəzinin inşası ilə bağlı tapşırığının qısa müddətdə və keyfiyyətli icrasını yüksək qiymətləndirmişdi.
Logistika Mərkəzinin fəaliyyəti dövründə əldə etdiyi nəticələr barədə məlumat verən "Azərsun İstehsal və Logistika Mərkəzi"nin direktoru Ələkbər Muradov AZƏRTAC-a bildirib ki, mərkəz Azərbaycan, Gürcüstan, Qazaxıstan, İran və digər ölkələrin şirkətləri ilə işgüzar əlaqələr qurub, əməkdaşlıq müqavilələri bağlayıb. Yaxın gələcəkdə ərəb dövlətləri, Çin və digər ölkələrlə də işgüzar əlaqələr qurmağı planlaşdırır.
Mərkəzin işi barədə danışan Ə.Muradov məlumat verib ki, dondurulmuş mallar konteyner və vaqonlarla "Azərsun İstehsal və Logistika Mərkəzi"nə gətirilir, müəyyən sənədləşmə prosedurlardan keçənə qədər soyuducu kameralarda saxlanılır, daha sonra isə digər nəqliyyat vasitələrinə yüklənir və həm Qazaxıstanın müxtəlif şəhərlərinə, həm də tranzit yük qismində digər ölkələrə göndərilir. İl ərzində orta hesabla 6000 ton dondurulmuş mal və 6000 ton quru mal qəbul edilib və ünvanlara çatdırılıb.
"Azərsun İstehsal və Logistika Mərkəzi"nin liman şəhəri Aktauda yaradılması təsadüf deyil. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Aktau limanına daxil olan yüklərin sayının artmasına səbəb olub. Bu yüklərin müəyyən hissəsi "Azərsun İstehsal və Logistika Mərkəzi"nin payına düşür.
Mərkəzin hələ ki, tam gücü ilə çalışmadığını söyləyən Ələkbər Muradov deyir ki, mərkəzin hədəflərindən biri yaxın gələcəkdə tam gücü ilə işləməkdir, lakin bunun üçün tərəfdaş qurumların da fəaliyyəti "Azərsun İstehsal və Logistika Mərkəzi"nin standartlarına uyğun olmalıdır.
Mərkəz fəaliyyət göstərdiyi müddət ərzində həm yerli, həm də xarici şirkətlərlə işgüzar əlaqələr qurub. Logistika Mərkəzinin fəaliyyətinin Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin inkişafına müsbət təsir göstərməsi danılmazdır. Regionda “A” səviyyəsinə cavab verən Logistika Mərkəzinin olması digər müvafiq müəssisələrin açılmasına və kənd təsərrüfatının inkişafına da təkan verib. Logistika Mərkəzi Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə, həmçinin Qazaxıstan mallarının ölkəmizə ixracı üçün əlverişli şərait yaradır. Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı, beynəlxalq yükdaşımalarının artırılması baxımından Logistika Mərkəzinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.
Qeyd edək ki, 25 faizi dövlətə məxsus olan "Azərsun İstehsal və Logistika Mərkəzi" Azərbaycanın xarici ölkələrdə ilk logistika mərkəzidir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana