İDMAN
Aleks Fergüson “Mançester Yunayted” klubunu tərk edir, ona artıq əvəz tapılmışdır
Bakı, 8 may (AZƏRTAC). AZƏRTAC Britaniya KİV-lərinə istinadla xəbər verir ki, İngiltərə futbolunun flaqmanı “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Fergüson bu mövsümün sonunda öz vəzifəsini tərk edə bilər.
Fergüsonun bu vəzifədən getməsinə səbəb 71 yaşlı mütəxəssisin sağlamlığı ilə bağlı problemlər ola bilər. Xəbər verildiyi kimi, növbəti mövsümün əvvəlində komandanın əvəzedilməz məşqçisinin çanaq-bud oynağında cərrahiyyə əməliyyatı aparılmalıdır.
Gözlənildiyinə görə ser Aleks özünün gələcək fəaliyyəti barədə bu şənbə günü Mançesterdəki “Old Trafford” stadionunda İngiltərə çempionatının 37-ci turunda “Suonsi” komandası ilə matçdan əvvəl bəyanat verməlidir.
Fergüson komandanı tərk edəcəyi halda onun ən çox ehtimal edilən varisi kimi, “Everton”un baş məşqçisi Devid Moyesin adı çəkilir.
1986-cı ildən “Mançester Yunayted” komandasının baş məşqçisi olan Aleks Fergüson Britaniya futbolunda ən yüksək titullara layiq görülmüş məşqçidir. Şotlandiyalı mütəxəssis bu mövsümdə öz komandasını 20-ci dəfə çempion etmişdir.
“Mançester Yunayted” klubunun rəhbərliyi Aleks Fergüsonun gedəcəyini təsdiq etmişdir. Çərşənbə günü klubun rəsmi saytı da Aleks Fergüsonun gedəcəyi barədə xəbəri təsdiqləmişdir.
Məlumatda deyilir: “İngiltərə futbolu tarixində ən uğurlu məşqçi mayın 19-da “Vest Bromviç” komandası ilə matçdan sonra məşqçi vəzifəsindən gedəcək və klubun direktorlar şurasına daxil olacaqdır”.
Əfsanəvi məşqçi demişdir: “Mən bu qərar barədə uzun müddət düşünmüşəm, qərar qəbul etmək mənim üçün asan olmayıb. Lakin qərar vaxtında qəbul edilmişdir. Mənim üçün komandanı ən yaxşı formada qoyub getmək lazım idi və güman edirəm ki, buna nail olmuşam. Liqa çempionu olmuş komandanın səviyyəsi ən yüksək səviyyədə uğurların davam edəcəyindən xəbər verir, gənclər arasında futbolun strukturu isə bu klubun gələcəyinin parlaq olacağına zəmanət verir”.