DÜNYA
Aleksandar Vuçiç Kosovada serb siyasətçisinin öldürülməsini terror aktı adlandırıb
Bakı, 16 yanvar, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç “Azadlıq, demokratiya, həqiqət” vətəndaş təşəbbüsünün lideri Oliver İvanoviçin Kosovada qətlə yetirilməsini terror aktı adlandırıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Vuçiç bunu ölkənin Təhlükəsizlik Şurasının təcili iclasından sonra xalqa müraciəti zamanı deyib.
“Oliver İvanoviçin qətli terror aktıdır və biz buna terror aktı kimi yanaşacağıq”, - deyə prezident bildirib.
Xatırladaq ki, Kosova serblərinin liderlərindən biri olan Oliver İvanoviç yanvarın 16-da öz partiyasının binasına girərkən sui-qəsdə uğrayıb. Onun vəkili siyasətçinin beş güllə yarası aldığını, xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığını deyib.
Siyasətçi vaxtilə Serbiya hökumətində Kosova və Metohiyanın işləri üzrə nazirlikdə dövlət katibi işləyib. Həmin regionda 1999-cu və 2000-ci illərdə mülki alban vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərdə ittiham olunaraq 2016-cı ildə 9 il həbs cəzasına məhkum edilib. Ötən ilin fevralında birinci instansiya məhkəməsinin bu hökmü ləğv olunub və yeni məhkəmə prosesi başlayıb.